06:06 Bazar Günü, 19 Avqust 2018
SOSİAL

Çovdarov həbsxanada ölən "tikinti şefi"ni necə tora salıb?

14:17, 27.03.20171519
Çovdarov həbsxanada ölən

 

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.

Proses haqqında Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib.

Məhkəmədə vəkillər Çovdarovun  holter apartı vasitəsi ilə müayinə edilməsi barədə vəsatət qaldırıblar.

Məhkəmə vəsatəti təmin etməyib və qeyd ediblər ki, bu məhkəmənin səlahiyyətinə aid deyil.

Sadiq Rəsulov jurnalistlərə bildirib  ki, Çovdarov aclıq  edən zaman Tibb Baş İdarəsi onu holter apartı ilə müəyinə etmək istəyib: "O vaxt Çovdarov aclıq etdiyi üçün buna razı olmadı. Orda da demişdi ki, aclıq elədiyindən bunun təsiri olmayacaq.  Hazırda biz  Tibb Baş İdarəsinə müraciət edərək müayinənin keçirilməsini istəyirik. Onlar da bunun üçün məhkəmə qərarı tələb edirlər".

Məhkəmə bundan sonra "Azərtikinti ATF" rəhbəri Azər Quliyevin epizodu üzrə davam edib. 

Onu da qeyd edək ki, A. Quliyev bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Dələduzluqda ittiham edilən A. Quliyev 2016-cı il avqustun 20-də saxlanıldığı cəzaçəkmə müəssisəsində ölüb. Onun bir neçə xəstəlikdən əziyyət çəkdiyi bildirilirdi. 

Hazırda məhkəmədə Azər Quliyevi oğlu zərərçəkmişin hüquqi varisi kimi təmsil edir. 

İstintaqla müəyyən edilib  ki, A. Çovdarov 2008-ci ilin fevral-mart aylarında MTN-nin Antiterror Mərkəzinin rəis müavini işləyərkən çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olan "Azərtikinti-ATF” MMC-nin direktoru Azər Cəlil oğlu Quliyevin külli miqdarda pulunu ələ keçirmək məqsədilə hakimiyyətdən və öz qulluq mövqeyindən tamahkarlıq məqsədi ilə sui-istifadə edərək, rəsmi sürətdə qeydiyyata alınmış araşdırma materialı, şikayət ərizəsi, əməliyyat məlumatı olmadığı halda cinayət işi üzrə dəstə üzvlərindən olan Səlim Məmmədovun vasitəsi ilə 2008-ci ilin fevral ayında Azər Quliyevi MTN-ə çağırıb.

A. Çovdarov A. Quliyevin 8 saat ərzində yaxın qohumları, ailə üzvləri ilə əlaqə saxlamasına imkan vermədən hərəkət sərbəstliyini məhdudlaşdırıb nazirlik əməkdaşlarının xidməti otaqlarında, dəhlizdə saxlamaqla qanunsuz azadlıqdan məhrum edib. A. Çovdarov xidməti otağında onunla görüşərək qarşılıqlı biznes əlaqələrinə malik olduğu şəxslərlə aralarında yaranmış borc öhdəliyi barədə məlumatları bəhanə edərək "Orxan” MMC ilə bağladığı müqavilə əsasında Bakı şəhəri Telnov küçəsi 2347/48-ci məhəllədə inşa etdiyi 16 mərtəbəli yaşayış binasından saxta sənədlərlə ayrı-ayrı şəxslərə təkrar mənzillərin satışına görə barəsində cinayət işi başlanılacağı, həbs ediləcəyi ilə şəxsən hədələyərək 1 200 000 ABŞ dolları məbləğində pul vəsaiti tələb edib, 2 mənzilin ona verilməsi ilə razılaşıb.

Bundan əlavə, 2008-c il martın 11-də Azər Quliyevi direktoru olduğu "Azərtikinti-ATF” MMC ilə "Babək-94” müstəqil kiçik müəssisəsi arasında bağlanılmış müqavilə əsasında inşa edilən Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 2942a məhəllə, M. Hadi və İ. Zülfüqarov küçələrinin arasında (hazırda Xudu Məmmədov küçəsi, 34) inşa edilən yaşayış binasında öz payına düşən 62 860 manat dəyərində 89,8 kvadrat metr ölçüdə olan 136 və bazar dəyəri 115 500 manat təşkil edən həmin ölçüdə 100 saylı mənzilləri dəstə üzvü Səlim Məmmədovun yaxın münasibətlərdə olduğu Bağırov Kazım Alməmməd oğlunun adına sənədləşdirilməsi ilə hər iki mənzili dəyəri ödənilmədən əvəzsiz sürətdə hədə-qorxu ilə əldə edib.

Akif Çovdarov sonradan 136 saylı mənzili üçüncü şəxslərlə satmaqla, 100 saylı mənzili isə özünün Novxanı qəsəbəsində yerləşən bağ evində bağban kimi fəaliyyət göstərən Həsənov Elxan Müqabil oğlunun adına rəsmiləşdirərək faktiki mülkiyyətində saxlayıb. Həmçinin 2008-ci il mart ayında Səlim Məmmədov Bakı şəhəri 8-ci kilometr yaşayış massivi, "Borçalı” şadlıq sarayının yaxınlığında Azər Quliyevlə görüşüb ondan hədə-qorxu ilə müvafiq dövrün məzənnəsinə görə 12 478 manata bərabər 15 000 ABŞ dolları alıb. Bununla onlar özgənin külli miqdarda pul vəsaiti və əmlakını mütəşəkkil dəstə tərkibində təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirməklə fiziki və hüquqi şəxslərin hüquqlarına, mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurublar.

Həmin epizod üzrə şahid qismində keçmiş MTN əməkdaşı Əziz Əzizov şahid qismində ifadə verib. Sabiq MTN-çi istintaqa verdiyi ifadəsi təsdiqləyib. Bildirib ki, Səlim Məmmədovun göstərişi ilə bir dəfə "Azərtikinti ATF" şirkətinə gedib. Orada sənədlərə baxıb.

Məhkəmə nahardan sonra davam edəcək.

Qeyd edək ki, təqsirləndirilənk şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

///lent.az

 

XƏBƏR LENTİ