21:37 Cümə, 15 Dekabr 2017
DÜNYA

"Türkiyəli nazirlərin Hollandiyaya buraxılmaması beynəlxalq hüquqa hörmətsizlikdir"

15:58, 13.03.2017332

 

"Türkiyəli nazirlərin Niderlanda buraxılmaması təəssüfedici bir haldır".

Bunu jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, bu həm beynəlxalq hüquqa hörmətsizlik, həm də Vyana Konvensiyasının tələblərinin kobud şəkildə pozulmasıdır:

"Türkiyənin iki nazirinə qarşı belə hörmətsizlik edilməsi, əlbəttə, yaxşı hal deyil. Sözsüz ki, Niderlandda yaşayan insanların, konkret ikili vətəndaşlığı olan türklərin də səsvermə hüququ var və referendumda iştirak edəcəklər. Onların da konstitusiyaya dəyişikliklər haqqında məlumat almaq hüququ var. Nazirlər də həmin məlumatları vermək üçün ora getmişdilər. Onların başqa məqsədi yox idi".

Birinci vitse-spiker qeyd edib ki, nazirlərdən əlavə, Rotterdamda olan Türkiyə konsulluğunun diplomatlarına qarşı kobud davranılması Vyana Konvensiyasının birbaşa pozulması deməkdir:

"Belə olan halda ortaya bir sual çıxır: insan hüquqlarından dəm vuran Avropa insan hüquqlarına bu cür yanaşırmı?! Bu cür yanaşmanı və münasibəti qəti şəkildə pisləyir və qınayıram. Hesab edirəm ki, bu məsələyə tezliklə aydınlıq gətiriləcək".

Qeyd edək ki, Niderland hakimiyyəti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsini ölkəyə buraxmayıb. Nazir Türkiyə vətəndaşlarını aprelin 16-da keçiriləcək referendumla ölkə konstitusiyasına nəzərdə tutulmuş dəyişikliklər barədə məlumatlandırmaq üçün Rotterdamda mitinqdə iştirak etmək istəyirdi.

Bundan sonra Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qaya yerüstü nəqliyyat vasitəsilə gələrək mitinqdə iştirak etməyə cəhd edib. Lakin Niderland DİN-in əməkdaşları yolu bağlayıb, hakimiyyət isə naziri "arzuolunmaz şəxs" elan edərək ölkədən çıxarıb.

Bununla əlaqədar olaraq Türkiyə XİN Niderland tərəfinə nota ünvanlayıb.

///Trend
0
XƏBƏR LENTİ