|
28.01.2012 01:02
Müttəhim ölü doğulan körpəsini həyətdə basdırdı
Şəki Ağır Cinayətlər Məhkəməsində
Şəki Ağır Cinayətlər Məhkəməsində azyaşlı ilə cinsi əlaqədə
olmaqda ittiham olunan Ucar rayon sakini, 28 yaşlı Eldəniz Nuşiravan oğlu
Babayevin məhkəməsi başa çatıb. İstintaqın gəldiyi nəticəyə görə, Eldəniz
Babayev 2010-cu ilin fevral ayında istifadəsində olan mobil telefonla bibisi
Sədaqətin əvvəllər tanımadığı qızı Ramilə (zərərçəkmişin ailə üzvlərinin və öz
adı şərti göstərilib, təqsirləndirən şəxsin adı isə olduğu kimi saxlanılıb) ilə
tanış olub və onunla münasibət yaradıb. Aprel ayında bibisinin yaşadığı Oğuz
şəhəri, Q.Ağakişiyev küçəsində yerləşən evinə qonaq gəlib, gecəni həmin ünvanda
qaldıqdan sonra növbəti gün Bakı şəhərinə gedib.
May ayının əvvəllərində yenidən bibisigilə gələn Eldəniz
bibisi Sədaqət işə gedəndə, qızla evdə tək qalmalarından istifadə edərək
azyaşlını zorlayıb. Bir gün sonra isə yenidən Bakı şəhərinə qayıdıb. Eldəniz
Babayev 2010-cu ilin may ayının sonlarında Bakı şəhərindən yenidən eyni
məqsədlə bibisi Sədaqətgilə gəlib. Həmin gün nahar fasiləsindən sonra Ramiləni
şəhəri gəzmək adı ilə aldadaraq Oğuz şəhərinin yuxarı hissəsində yerləşən meşə
sahəsinə aparıb və orada onu zorlayıb. 6 aydan sonra bərk ağrıları olan qızını
xəstəxanaya aparan Sədaqət 13 yaşlı qızının hamilə olmasını bilib. Sədaqət
gələcək nəvəsinin atası qardaşı oğlunun olduğunu biləndə qızını Eldənizin
yanına, yəni Bakıya göndərib. Ramilə azyaşlı olduğundan Eldəniz onu xəstəxanaya
da aparmağa qorxub. Nəticədə, Ramilə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı
qəsəbəsindəki evin həyətində ağrıdan bətnində olan uşağı itirib. Eldəniz də
sonra uşağı sellofan torbaya qoyaraq basdırıb. Uşaq düşəndən sonra Sədaqət
polisə şikayət edib və qızının qardaşı oğlu tərəfindən zorlandığını iddia edib.
"Qız özü mənə zəng vurmuşdu"
Məhkəmədə ifadə verən Eldəniz Babayev ona elan olunmuş
ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində həqiqətən də Ramilə ilə
telefonla əlaqə saxladığını göstərib: "Əvvəl Ramilə özü mənə zəng edib,
sonra səhv düşdüyünü bildirmişdi. Həmin hadisədən 3 gün sonra mesaj yazaraq,
məni tanımaq istədiyini bildirdi. Bundan sonra Ramilə ilə münasibətlərimiz
yarandı. Biz mütəmadi olaraq bir-birimizə mesaj yazmağa başladıq. Hətta Ramilə
telefonuma kontur da yükləyirdi".
"Bibim qızı ilə cinsi əlaqədə olmamışam"
Təqsirləndirilən şəxs ifadəsində daha sonra qeyd edib ki,
2010-cu ilin aprel ayının əvvəllərində Oğuz rayon avtovağzalına gəlib və oradan
Ramiləyə zəng edib: "Ona avtovağzalda olduğumu bildirdim. Bundan sonra ilk
görüşümüz yarandı. Ramilə ilə ilk tanışlığımızda ona dayısı oğlu olduğumu
bildirdim. O da məni evə dəvət etdi".
Təqsirləndirilən şəxs deyib ki, Ramilə ilə cinsi əlaqədə
olmayıb. Onun sözlərinə görə, Ramilənin uşağının kimdən olduğunu bilmir:
"Bu işdə günahım yalnız Ramilənin uşağını xilas edə bilməməyim olub. Əgər
uşaq yaşasaydı, həmin uşağın mənim uşağım olmadığını sübut etmək mümkün
olardı".
"Mənə hədə-qorxu gələrək ifadə alıblar"
Eldəniz Babayev daha sonra ifadəsində göstərib ki, 2010-cu
ilin may ayının 5-də həqiqətən də Oğuzda, Ramilənin yaşadığı evdə olub. Onun
ifadəsinə görə, Ramilə ilə heç bir cinsi əlaqəsi olmayıb: "Onlarda bir gün
qaldıqdan sonra Bakı şəhərinə getmişəm. İbtidai istintaq zamanı polis
əməkdaşları mənə hədə-qorxu gələrək ifadə alıblar. Əslində, Ramilə ilə parkda
görüşmüşük, lakin polis əməkdaşları istintaq zamanı məni meşəyə aparıb və ona
görə də oranı göstərmişəm. Ramilə uşağı ölü saldıqdan sonra meyitini özü
basdırıb. İbtidai istintaq zamanı meyiti harada basdırdığını polislərə
bildirmişəm, lakin onlar dedilər ki, meyitin basdırıldığı yeri müəyyən etmək
mümkün deyil".
"Bir-birimizə sevgi mesajları yazırdıq"
Zərərçəkmiş şəxs qismində dindirilən Ramilə anasının
telefonuna tanımadığı nömrədən zəng olunduğunu bildirib. O, qeyd edib ki, həmin
şəxs ona mesaj yazaraq adının Elnur olmasını, 20 yaşının olduğunu və onunla
tanış olmaq istədiyini bildirib: "Bundan sonra biz telefonla bir-birimizlə
əlaqə saxladıq, sevgi mesajları yazmağa başladıq".
Zərərçəkmişin sözlərinə görə, apreldə özünü Elnur kimi
təqdim edən həmin şəxs Oğuz rayonuna gəlib. Avtovağzalda ilk görüşləri zamanı
onun sözlərindən sonra adının Eldəniz olduğunu bilib. Ramilə daha bildirib ki,
anası evdə olmayanda Eldənizlə cinsi əlaqədə olub: "Həmin hadisədən sonra,
yəni may ayının sonlarında Eldəniz yenidən bizə gəldi. Biz birlikdə meşəyə
gəzməyə, şəkil çəkdirməyə getdik. Həmin vaxt meşədə də Eldəniz mənimlə cinsi
əlaqədə oldu".
"Anama Eldənizdən hamilə qaldığımı dedim"
Ramilə həmin ilin dekabr ayında anası ilə birlikdə
xəstəxanaya gedib və həkimlər onun altı aylıq hamilə olduğunu bildiriblər:
"Anam kimdən hamilə olduğumu soruşduqda, ona Eldənizdən hamilə qaldığımı
dedim. Sonra anam Eldənizin valideynlərinə və Eldənizin özünə zəng etdi, bu
barədə məlumat verdi. Bundan sonra mən Eldənizin Bakıda yaşadığı evə gəldim.
Həmin vaxt qarnımda sancılar olduğundan Eldəniz və bacısı məni bir həkimin
evinə apardılar. Həkim Eldəniz və bacısına məni xəstəxanaya aparmağı məsləhət
gördü. Ancaq azyaşlı olduğumdan onlar məni yenidən evə qaytardılar".
"Uşağı itirəndən sonra rayona qayıtdım"
Zərərçəkmiş bildirib ki, həkim müayinəsindən keçə bilmədiyi
üçün uşağı itirib. Onun sözlərinə görə, uşağı itirəndən sonra Oğuz rayonuna,
anasının yanına qayıdıb: "Anam ilə birlikdə polis şöbəsinə getdik və
Eldəniz barəsində şikayət ərizəsi verdik".
Zərərçəkmiş ifadəsində onu da qeyd edib ki, Eldəniz
tərəfindən zorlanarkən hadisənin mahiyyətini başa düşməyib: "Eldəniz
söhbət edərkən mənim 13 yaşım olmasını bilib, buna baxmayaraq, mənimlə yaşamaq
istədiyini bildirib. Mən isə ümumiyyətlə onun fikrini həyatda yaşamaq kimi başa
düşmüşdüm. Eldəniz mənimlə cinsi əlaqədə olarkən, bu hərəkətlərin mahiyyətini
başa düşməmişəm".
Ramilə ifadəsinin sonunda həyatını korladığı üçün Eldəniz
Babayevə ən ağır cəzanın verilməsini xahiş edib.
Oxumeni.az
|